SİYASƏT
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 141 ərazi ilk partiya təşkilatında 11 minədək partiya üzvü birləşdirir
Bakı, 30 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı şurasının iclası keçirilmişdir.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək hazırda rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatında 11 minədək partiya üzvü birləşdirdiyini demişdir.
Qeyd olunmuşdur ki, ötən il ərzində rayon təşkilatının sıralarına 1111 nəfər qəbul edilmiş və 26 yeni ilk partiya təşkilatı yaradılmışdır. Partiyaya qəbul 2012-ci illə müqayisədə 2013-cü ildə 25 faizə yaxın artmışdır. Bu, rayon təşkilatının siyasi-ideoloji fəaliyyətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə dəlalət edir.
Sonra iclasın gündəliyi açıqlanmış və ilk olaraq rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə dair hesabat dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirmişdir ki, rayon təşkilatı 2013-cü il ərzində bir çox uğurlara imza atmışdır.
Qeyd edilmişdir ki, YAP İcra katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirmiş, layihələr reallaşdırmışdır. YAP Nizami rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmamış, kütləvi tədbirlərlə onun təsirini daha da artırmışdır.
İclasda YAP Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayevanın hesabat məruzəsi də dinlənilmişdir.
Qeyd olunmuşdur ki, YAP Nizami rayon təşkilatının qadınlar şurası öz sıralarını möhkəmləndirilməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və hazırda onların sayı 5 min nəfərdən çoxdur. Bu göstərici tərkibi 10 min 634 nəfərdən ibarət olan partiya üzvlərinin təxminən 50 faizini təşkil edir.
Vurğulanmışdır ki, respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı getdikcə artmaqdadır. Nizami rayonunda da qadınlar yüksək fəallıq nümayiş etdirirlər. Təkcə rayon təşkilatının 5 mindən artıq qadın üzvü vardır və onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərar verəcəklər.
Müzakirələrdə çıxış edənlər son illərdə ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
İclasın sonunda YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilmişdir.