SİYASƏT


Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısı keçirilib

Bakı, 27 sentyabr (AZƏRTAC, Aidə Quluzadə). Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda partiyanın rayon və şəhər təşkilatlarının qadınlar şuralarının sədrləri iştirak ediblər.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva tədbirdə çıxış edərək Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, qadınların gündən-günə artan fəallığından danışıb. O bildirib ki, qadınlarımız hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal olub. Bu gün Azərbaycan qadını həyatımızın bütün sahələrində uğur əldə edir, yüksək göstəricilər nümayiş etdirir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir.

YAP Qadınlar Şurasının sədri vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən fəaliyyəti nəinki Azərbaycan qadınları, hətta dünya qadınları üçün nümunədir.

İclasda YAP Qadınlar Şurasının fəaliyyətinin yeni istiqamətləri müəyyən edilib, bir sıra vacib mövzular, o cümlədən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələsi müzakirə edilib. Seçkilərlə bağlı qadınlar şuralarının fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr müzakirə olunub. Qeyd olunub ki, YAP Qadınlar Şurası bu prosesdə fəal iştirak etməli, regionlarda maarifləndirici tədbirlər həyata keçirməlidir. Bələdiyyə seçkilərində YAP Qadınlar Şurasının üzvlərinin daha fəal olmasının, ən layiqli və intellektli qadınların namizədliyinin irəli sürülməsinin vacibliyi vurğulanıb.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək partiyanın cəmiyyətdəki mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib.

Bahar Muradova bu toplantının nəticəsi olaraq regionlarda fəallığın daha da artacağına əminliyini bildirib. O, vəzifələrin düzgün müəyyənləşdirilməsi, yeni fəaliyyət istiqamətlərinin seçilməsi baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. B.Muradova deyib: “Biz YAP üzvü olmaqla yanaşı, Azərbaycan vətəndaşı kimi də məsuliyyət daşıyırıq və hər birimiz Azərbaycanın inkişafı, gələcəyi naminə məsuliyyətimizi daha da artırmalıyıq”.

Milli Məclis sədrinin müavini qarşıya çıxan problemlərin həlli üçün birgə səy göstərməyin, fikir mübadiləsi aparmağın vacibliyini vurğulayıb.

İclasda, həmçinin erkən nikahla mübarizə, regionlarda insanların təhsilə cəlb olunmaları kimi məsələlər də əsas müzakirə mövzusu olub.

Belə toplantıların Azərbaycanın bütün regionlarında keçirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.