RƏSMİ XRONİKA


Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binası açılmışdırVİDEO

Bakı, 5 iyul (AZƏRTAC). İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətində rayon təşkilatlarının rolu danılmazdır. Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir. Həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Bildirildi ki, son illər Qazax rayonunda çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binası da memarlıq üslubu və əməkdaşların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti ilə seçilir.

Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin partiya quruculuğu ilə bağlı fəaliyyətini əks etdirən fotostendlər quraşdırılmışdır.

Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanmışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları vardır. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompyuter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlasdırılmışdır.

Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin