CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının hesabatı dinlənilib

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiləndikdən sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə bildirilib ki, hesabat dövründə rayon təşkilatında görülmüş bütün işlər Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi, partiyamızın Sədri cənab İlham Əliyevin nitq və çıxışlarından irəli gələn vəzifələr, eləcə də partiyanın Mərkəzi Aparatının tövsiyə və tapşırıqları yüksək keyfiyyətlə həyata keçirilib.

Rayonumuzun əhalisi 38 min 616 nəfərdir. Onlar respublikamızın 41 şəhər və rayonlarında məskunlaşıblar. Hazırda partiyanın rayon təşkilatında 83 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Üzvlərimizin sayı 3613 nəfərdir. Onlardan 1555 nəfəri kişilər, 2058 nəfəri isə qadınlardır. Partiya üzvlərimizin 1825 nəfərini gənclər təşkil edir. 320 nəfər isə ötən konfransdan sonra partiyaya üzv qəbul edilib.

Ötən 5 ilin siyasi baxımdan ölkəmiz üçün əlamətdar tarix kimi də yadda qaldığını vurğulayan A.Haxverdiyev qeyd edib: “Belə ki, ölkəmizdə bu illər ərzində prezident, parlament, bələdiyyə seçkiləri, YAP-ın VI və VII qurultayları keçirilib. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də rayon təşkilatı qarşıya qoyulan məqsədlərə çatmaq üçün ardıcıl iş apararaq müsbət nəticələrin əldə edilməsinə nail olub”.

Sonra Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sahib Əliyevin hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Qubadlı rayon təşkilatının Şura üzvü, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Qasımlı, rayon təşkilatının Şura üzvü, Xıdırlı kənd tam orta məktəbin ilk partiya təşkilatının sədri Savalan İmanov, Kavdadıq kənd tam orta məktəbinin ilk partiya təşkilatının sədri Alimə Bayramova, Əməkdar məşqçi, Uşaq-Gənclər idman məktəbinin müəllimi Cavanşir Əliyev, rayon təhsil şöbəsi ilk partiya təşkilatının sədri Nərmin Musayeva çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyən YAP cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə qələbə qazanması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə, partiyanın gələcəyinə böyük inama əsaslanır.

Ə.Tağıyev YAP Qubadlı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Qubadlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.