REGİONLAR


Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunmasının ildönümü qeyd edilib

Şərur, 24 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) ilk rayon təşkilatı 1993-cü il yanvarın 23-də əbədiyaşar liderimiz Heydər Əliyevin iştirakı ilə Şərurda yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə YAP Şərur Rayon Təşkilatının təsis olunmasının ildönümü münasibətlə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev ətraflı danışıb.

Əmir Babayev vurğulayıb ki, o vaxt rayon təşkilatının 34 ərazi ilk təşkilatında 3 min nəfərə yaxın üzv var idi. Hazırda təşkilat 87 ilk təşkilatda 10 min 528 nəfər partiya üzvünü birləşdirir. Təşkilat üzvlərinin 6 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 336 nəfəri bələdiyyə üzvüdür. Hansı sahədə çalışmasından asılı olmayaraq, partiya üzvləri Heydər Əliyev yoluna sədaqət nümayiş etdirir, rayonun sosial-iqtisadi həyatının bütün sahələrində uğurla fəaliyyət göstərirlər.

“Blokada şəraitində yaşamağımıza baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun düşünülmüş siyasəti və ardıcıl fəaliyyəti nəticəsində qədim diyarımızda onlarca yeni istehsal və emal müəssisələri işə salınıb, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin geniş şəbəkəsi yaradılıb, tikinti-quraşdırma tədbirlərinə yönəldilən investisiyanın həcmi ilbəil artırılıb. Bu tədbirlər Şərur rayonunu da əhatə edib”, – deyən Əmir Babayev diqqətə çatdırıb ki, artıq rayonun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri aparılıb. Təkcə ötən il rayonda tikinti-quraşdırma tədbirlərinə yönəldilən investisiyanın həcmi 74 milyon 561,2 min manat, istehsal olunan sənaye məhsullarının həcmi 94 milyon 232,7 min manat, kənd təsərrüfatı məhsulları 148 milyon 37,9 min manat olub. Həyata keçirilən bütün tədbirlərdə YAP rayon təşkilatının üzvləri fəallıq göstəriblər.

Vurğulanıb ki, YAP daim gəncləşən, sağlam fikirli ziyalıları ətrafında toplayan və arxasınca aparan bir siyasi təşkilatdır. Partiya dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yaranıb və hazırda beynəlxalq aləmdə böyük hörmət və nüfuza malik olan liderin – İlham Əliyevin sədrliyi ilə cəmiyyətdə özünəməxsus aparıcı rol oynayan siyasi təşkilata çevrilib. Respublikamızın davamlı inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutması YAP-ın təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.

Tədbirdə YAP Şərur Rayon Təşkilatının şura üzvü Tahir Əliyev, partiya fəallarından Şərur Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov, Əli Nəcəfov, Naxçıvan Dövlət Universitetinin dosenti Seyfəddin Eyvazov çıxış ediblər.

Sonra partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.