SİYASƏT


Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə YAP-ın qurucusu və ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

Sonra Ulu Öndərin və dünyasını dəyişmiş partiya veteranlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Əvvəlcə məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub, sonra YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışında ölkəmizdə sülhün və demokratiyanın bərqərar olmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Azərbaycanı siyasi, iqtisadi, mədəni sahədə inkişaf yoluna çıxarıb və onun bu sahədə gördüyü işlərdən biri də Yeni Azərbaycan Partiyasının yaradılması olub.

Qeyd edilib ki, YAP Suraxanı rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir. YAP Suraxanı rayon təşkilatının üzvləri ölkəmizdə keçirilən bütün seçkilərdə və referendumlarda olduqca fəal iştirak ediblər, rayon təşkilatı yüksək peşəkarlıq nümayiş etdirib, dövlət rəhbərinə və partiyamıza sədaqətləri ilə seçiliblər. Təşkilat fəaliyyət göstərdiyi 25 il ərzində rayon ərazisində 110 ərazi ilk partiya təşkilatında 8469 nəfər üzvü ətrafında sıx birləşdirib. Təşkilat üzvlərindən 4365 nəfəri qadın, 3528 nəfəri isə gənclərdir.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük nüfuz qazandığını vurğulayıb. O, 25 illiyini qeyd edən YAP Suraxanı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın yaranması, Ulu Öndərin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlər barədə danışıb.

Partiya veteranı Sonaxanım Əliağaqızı bildirib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində inkişaf edən Azərbaycan gündən-günə daha böyük nailiyyətlərə imza atır.

Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, bir qrup partiya veteranı isə təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.