CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə fəaliyyət planı imzalanıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən layihələr həyata keçirib. Partiya tərəfindən ağacəkmə aksiyaları keçirilib, ölkəmizdə yaşıllıqların salınması prosesində YAP üzvləri fəal şəkildə iştirak ediblər.
Dünyada ətraf mühitin qorunmasının qlobal problemə çevrildiyini deyən Baş Nazirin müavini bu məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Əli Əhmədov BMT səviyyəsində bu qlobal məsələyə dair tədbirlərin həyata keçirildiyini söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində ölkəmizdə ekoloji tarazlığın təmin olunmasının, ətraf mühitin qorunmasının, yaşıllıq zolaqlarının salınmasının və digər ekoloji məsələlərin prioritet olduğunu vurğulayıb.
Əli Əhmədov onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ekoloji mahiyyət kəsb edən layihələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman dəstək verib. “Biz bu istiqamətdəki layihələrimizi birgə əməkdaşlıq şəraitində həyata keçirmişik”, - deyən YAP sədrinin müavini buna nümunə olaraq “700 min ağac əkək” layihəsini xatırladıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində Bakı şəhərində böyük yaşıllaşdırma işləri həyata keçirildi. Eyni zamanda, YAP-ın yerli strukturları bölgələrdə ağacəkmə aksiyaları reallaşdırıb. Bu layihənin reallaşmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi partiyaya böyük dəstək verib.
Əli Əhmədovun fikrincə, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək. Fəaliyyət planı çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O bildirib ki, ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır.
Yeni Azərbaycan Partiyasının böyük potensiala sahib olduğunu deyən nazir qeyd edib ki, müxtəlif ekoloji layihələrin həyata keçirilməsində partiyanın potensialından istifadə olunması yüksək nəticələr verir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı böyük əhəmiyyət kəsb edir. M.Babayev birgə fəaliyyət planının uzun müddət davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonda Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev birgə fəaliyyət planını imzalayıblar.