SİYASƏT
Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib VİDEO
Bakı, 5 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişafı Azərbaycan-Yaponiya dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 5-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişaf perspektivlərindən, eləcə də Azərbaycan-Yaponiya çoxtərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsindən bəhs olunub.
Bu ilin fevralında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Yaponiyada bir sıra görüşlər keçirdiyini xatırladan Əli Əhmədov qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə Əli Əhmədov ötən ay Yaponiyada baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka Azərbaycana səfərin məqsədinin hər iki ölkənin hakim partiyaları arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi olduğunu deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli tərəqqiyə nail olan ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb, Yaponiyanın mühüm geosiyasi məkanda yerləşən Azərbaycanla parlamentlərarası əlaqələrin, siyasi, iqtisadi əməkdaşlığın daha da inkişafında, eləcə də Yaponiya şirkətlərinin Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələrdə iştirakının genişləndirilməsində maraqlı olduğunu bildirib.
Kazunori Tanaka aprel ayında Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginliklər zamanı insanların həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. O, Yaponiya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. K.Tanaka münaqişənin həllinin regionun inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP icra katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, eləcə də Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun fəaliyyətdə olan baş direktoru, Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva, Liberal Demokrat Partiyasının İnformasiya Bürosunun baş direktorunun müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Naqasaka, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi də iştirak ediblər.