SİYASƏT
Yeni Azərbaycan Partiyası referendumda iştirakla əlaqədar təşəbbüs qrupu yaradıb
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda 3952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alınıb.
Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. Yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.