REGİONLAR
Yeni Azərbaycan Partiyası üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir
Kürdəmir, 12 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası xalqımızın ciddi sınaqlarla üzləşdiyi bir dövrdə ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində yaradılıb. Partiya özünün tarixi missiyasını davam etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizin tərəqqisi naminə həyata keçirilən fəaliyyətin ideya-siyasi təminatçısı rolunu müvəffəqiyyətlə yerinə yetirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Kürdəmirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının Heydər Əliyev Mərkəzində keçirilən X konfransında səsləndirilib.
Konfrans nümayəndələri əvvəlcə ümummilli lider, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli hesabat məruzəsində vurğulayıb ki, hazırda rayon təşkilatında partiya üzvlərinin sayı 9080 nəfərə çatıb. Onların 4034 nəfəri və ya 44,4 faizi gənclər, 3340 nəfəri və ya 36,7 faizi qadınlardır. Hesabat dövründə 2621 nəfər partiya sıralarına yeni qəbul olunub. Rayon təşkilatının nəzdində 117 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
Konfransda YAP Kürdəmir rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Həsən Hidayətovun hesabat məruzəsi də dinlənilib.
Sonra məruzələr ətrafında çıxışlar olub.
Konfransda YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətdən danışıb, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən söz açıb, partiyanın qarşısında duran vəzifələr barədə məlumat veriblər. Bildirilib ki, YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olub.
Çıxışlardan sonra konfransın qətnaməsi oxunaraq təsdiq edilib, təşkilati məsələlər müzakirə olunub. Ağali Kərimli yenidən YAP Kürdəmir rayon təşkilatının sədri, həmçinin şura, idarə heyəti və nəzarət-təftiş qrupunun üzvləri seçilib.
Sonda YAP üzvlüyünə yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.