REGİONLAR
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
Astara, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Xalqımızın bütün təbəqələri bu partiyada birləşərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında YAP-ın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, 26 il əvvəl ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır.
Ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışının müasir tariximizin ən şərəfli səhifəsi olduğunu vurğulayan Q.Ağayev qeyd edib ki, böyük rəhbərin müdrik, uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi nəticəsində dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi və vətəndaş qarşıdurması aradan qaldırılaraq ölkəmizin sosial-iqtisadi inkişafı təmin olunub. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.
Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Astarada uğurla icra edilir. Astara şəhərində park-bulvar kompleksinin tikilib istifadəyə verilməsi, şəhərin içməli su təchizatının yenidən qurulması, minlərlə insanın yaşadığı ərazini əhatə edən Astara-Bala Şahağac, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Siyaku-Rinə, Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının, uzunluğu 274 kilometr olan Ələt-Astara avtomobil yolunun tikintisi rayonda turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafını təmin edəcək.
Son illər Astarada 40-dan çox ümumtəhsil məktəbi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Mərkəzi xəstəxana binası yenidən qurularaq ən müasir tipli avadanlıqla təchiz olunub. Astarada modul tipli elektrik və qaz kompressor stansiyalarının, Olimpiya İdman Kompleksinin tikilməsi, yol-infrastruktur layihələrinin uğurla icra olunması, xüsusən ucqar dağlıq ərazilərə rahat asfalt yolların çəkilməsi kimi mühüm əhəmiyyətə malik məsələlərin həlli dövlətimizin başçısının Astaraya və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutudur.
Tədbirdə YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazovun partiyanın yaranmasını 26-cı ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Müzakirələrdə çıxış edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon icra hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Aytən Şiriyeva, təhsil şöbəsinin məsul işçisi Vüqar Şahbazov, Astara Pedaqoji Kollecinin müəllimi Leyla Əliyeva və başqaları YAP-ın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıblar.
Tədbirdə YAP Astara rayon təşkilatının fəaliyyətində fərqlənən partiya üzvlərinin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr, partiya sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.