SİYASƏT
Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır
Bakı, 19 noyabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı partiyanın yaranmasının 22 illiyi ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev partiyanın yaranma zərurətindən danışıb. Bildirilib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Tarixə “91-lər”in müraciəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapıb.
Ulu öndər Heydər Əliyev müraciətə cavabında YAP-ın yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirib. YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov deyib ki, partiyanın sıralarında gənclərin böyük çoxluq təşkil etməsi onların Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsinə dəstəyinin göstəricisidir.
“91-lər”in nümayəndəsi, YAP Siyasi şurasının üzvü Vilayət Əliyev ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın ölkəmizin yeniləşməsində, müasirləşməsində əvəzsiz rol oynadığını qeyd etdi.
YAP Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov da partiyanın tarixi zərurətdən yarandığını bildirib. Qeyd edib ki, Azərbaycanın ağır vaxtlarında yaranan partiyaya xalq ümidlə baxırdı. Çünki bu partiyanın qurucusu böyük dövlət xadimi Heydər Əliyev idi.
YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Zəfər Bayramov bildirib ki, partiyanın hər bir üzvü 22 illik tarixlə qürur duymalıdır. YAP yaradılarkən qarşıda duran əsas vəzifə güclü dövlətin, mükəmməl cəmiyyətin yaradılması idi. Artıq bu vəzifə yerinə yetirilib.
Digər çıxış edənlər deyiblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində biri-birindən vacib uğurlara imza atıb. Bu gün partiyanın sıralarında 700 minədək üzvün birləşməsi də bunun təsdiqidir.