SİYASƏT
Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Yeni Azərbaycan Partiyasında (YAP) gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdığını xatırladıb. O deyib ki, Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
Qeyd edilib ki, YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min yeni üzv qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər. Seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər.
“Partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsinlər və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”, - deyə YAP sədrinin müavini bildirib.