SİYASƏT
Yeni Azərbaycan Partiyasının 25 illik tarixi ölkənin müstəqillik və inkişaf dövrünə çevrilib
Bakı, 16 noyabr, AZƏRTAC
SOCAR-ın Geofizika və Geologiya İdarəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov və GGİ-nin rəis müavinləri, YAP üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Geofizika və Geologiya İdarəsinin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
GGİ-nin rəisi Elçin Şirinov ötən 25 il ərzində Yeni Azərbaycan Partiyasının şərəfli yol keçdiyini bildirərək deyib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib. Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır”. E.Şirinov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayıb. “Azərbaycanın bugünkü inkişafı, ərazi bütövlüyünün qorunması, neft strategiyasının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən Geofizika və Geologiya İdarəsinin rəisi ölkədə həyata keçirilən iqtisadi islahatlardan bəhs edib.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Azərbaycan neftçilərini təbrik edib. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını qeyd edən V.Rəhimzadə vurğulayıb ki, partiya sıralarında 700 mindən artıq insanı birləşdirir və bu da çox möhtəşəm qüvvədir: “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib”.
“Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi, nüfuzunun artması partiyanın ideya əsaslarının ulu öndər Heydər Əliyevin irsi ilə bilavasitə bağlı olmasından irəli gəlir”, - deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir.
Neft sənayesinin inkişafında Ümummilli Liderin xidmətlərindən söz açan V.Rəhimzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyev ölkənin zəngin təbii sərvətlərindən düzgün şəkildə istifadə edərək 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu: “Bununla da Azərbaycana böyük miqdarda investisiya axını başladı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını təşkil edir. Yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, bazar münasibətlərinin tələblərinə əsasən etibarlı və əlverişli idarəetmə sistemi tətbiq edilib. Neft strategiyası müxtəlif sahələrdə köklü islahatların aparılmasına, misilsiz nailiyyətlərin qazanılmasına möhkəm zəmin yaradıb”.
GGİ-nin rəis müavini Ziyad Cəlilov, YAP Nərimanov rayon “Geofizika və Geologiya İdarəsi” ərazi ilk partiya təşkilatının sədri Ziyadxan Heydərov, YAP üzvlərindən Günel Yusifova, Sadiq Rəsulov bildiriblər ki, YAP yarandığı vaxtdan ölkəmizin inkişafına böyük töhfələr verib.
Geofizika və Geologiya İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Əliyev YAP-ın yaranma tarixi, onun müasir tariximizdəki rolundan danışıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunanlara vəsiqələr təqdim olundu.