REGİONLAR


Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının şura yığıncağı keçirilib

Babək, 8 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) ölkənin ictimai-siyasi həyatında və dövlətçilik ənənələrinin qorunmasında böyük qüvvəyə malik, alternativi olmayan siyasi partiyadır. Bu partiya 1992-ci ildə ulu öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşən xalqın aparıcı və mütərəqqi qüvvələrinin istəyi ilə yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər YAP Babək rayon təşkilatının şura yığıncağında səsləndirilib.

İclasda cari ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə edərək bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətt ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişafın yeni mərhələsinə qovuşdurub. Bu siyasi yola sadiqliyin nəticəsidir ki, muxtar respublikada regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq abadlıq-quruculuq, yaşıllaşdırma işləri sürətlə aparılır, iqtisadiyyatımız yüksələn templə inkişaf etdirilir. Ulu Öndərin təşəbbüsü ilə yaradılan və təşkil olunmasının 40 illiyini qeyd edən Babək rayonu da günbəgün inkişaf edir, çiçəklənir, həyata keçirilən uğurlu infrastruktur layihələri hesabına əhalinin rahatlığı təmin olunur, məskunlaşma artır.

“Cari ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə rayonun Nehrəm kəndində tarixi İmamzadə türbəsi təmir olunaraq istifadəyə verilib, yeni asfalt-beton zavod kompleksi qurulub, Şəkərabad kəndində isə içməli su və kanalizasiya xətləri çəkilib. Ötən günlərdə isə Babək qəsəbəsində yeni yaşayış binası, məscid və mərasim evi istifadəyə verilib”, – deyən İsa Məmmədov vurğulayıb ki, hazırda rayonun ucqar dağ və sərhəd kəndləri olan Yuxarı və Aşağı Buzqovda kənd və xidmət mərkəzləri, məktəb binası tikilir, Buzqov çayı üzərindəki körpü təmir olunur, hər iki kəndə içməli su xətti çəkilir, yollar abadlaşdırılır. Bütün bu tədbirlər partiyamızın siyasi xəttinin bariz ifadəsidir.

Bildirilib ki, təşkilat öz işini YAP-ın V Qurultayının və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun qurub. Hesabat dövründə təsdiq olunmuş iş planına əsasən fəaliyyət davam etdirilib, ilk partiya təşkilatları ilə mütəmadi əlaqə saxlanılıb, onlara metodik kömək göstərilib.

Vurğulanıb ki, YAP Babək rayon təşkilatının əhatə etdiyi 56 ilk partiya təşkilatında 6837 nəfər partiya üzvündən 2330-u gənc, 2851-i isə qadındır. Ötən 9 ay ərzində partiya sıralarına 87 nəfər qəbul edilib. Bütövlükdə, hesabat dövrü ərzində YAP Babək Rayon Təşkilatında 3 şura, 9 idarə heyətinin yığıncağı keçirilib.

Sonra çıxışlar dinlənilib. Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək, qarşıya qoyulmuş vəzifələrdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.