Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib
AzerTAg.az
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon Gənclər Birliyinin sədri Rəşad Fərəcov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
R.Fərəcov Azərbaycanın dünyada mövqeyinin ildən-ilə möhkəmlənməsində, qazanılan uğurlarda gənclərin rolu, dövlət gənclər siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyinin gördüyü işlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, birlik həyata keçirdiyi layihələrlə ölkəmizdə formalaşan sağlam və intellektual nəslin inkişafına öz töhfəsini verməyə çalışır və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır.
Ölkəmizdə növbəti parlament seçkisinə ciddi hazırlıq görüldüyünü xatırladan Gənclər Birliyinin sədri vurğulayıb ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, seçkilərdə yüksək siyasi fəallıq nümayiş etdirirlər. Gənclər bu dəfə də fəal olmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. R.Fərəcov xüsusi qeyd edib ki, gənclərimiz sosial şəbəkələrdə ölkəmizin uğurlarını daim işıqlandırmalı, partiyamızın namizədlərini dəstəkləməli, yeri gələndə onların müdafiəsinə qalxmalıdırlar.
YAP Gənclər Birliyi sədrinin müavini Ramin Məmmədov da gənclərə böyük ümid bəslədiklərini xatırladıb. Bildirilib ki, onlar partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm işlər görürlər. İnamla demək olar ki, YAP üzvü olan gənclər Azərbaycanın gələcəyi naminə parlament seçkisinin əhəmiyyəti barədə təbliğatın aparılmasında da fəallıq göstərəcəklər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var