REGİONLAR
Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salınıb
Ağstafa, 14 noyabr, Famil Quliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası tariximizin ağır günlərində yaranıb və sonradan bu partiya dövlətimizin çiçəklənməsində, xalqımızın firavanlığına qovuşmasında böyük xidmətlər göstərib. YAP-ın yaranması ümummilli lider Heydər Əliyevin uzaqgörən və dövlətimizin rifahına hədəflənmiş uğurlu siyasi strategiyasının məntiqi nəticəsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ağstafa Musiqi Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxışlarında partiyanın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıblar. Bildirilib ki, partiyanın təsis edildiyi illərdə ölkəmiz ciddi problemlərlə üz-üzə qalmışdı. Lakin partiyanın yaranmasından və dahi şəxsiyyət Heydər Əliyevin prezident seçilməsindən sonra dövlətimiz qüdrətlənməyə və inkişaf etməyə başladı.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında rolundan söz açılıb, bu partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta dünyada da yüksək nüfuza malik olduğu qeyd olunub. Partiyanın sıralarının günbəgün artmasının ulu öndər Heydər Əliyev ideologiyasına etimadın və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.
Sonda partiya fəallarına fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.