SİYASƏT


Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir

Bakı, 12 dekabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir.

AZƏRTAC xəbər verir ki, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Mirzəcan Xəlilov və Sevinc Hüseynova, YAP Gənclər Birliyi ofisinin rəhbəri Fərid Nəsibov daxildir.

Nümayəndə heyəti ilk olaraq Vyetnam Kommunist Partiyasının xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan ilə görüşüb. Sonra YAP nümayəndə heyətinin üzvləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, kütləvi səfərbərlik üzrə mərkəzi komissiyanın rəhbəri xanım Truong Thi Mai ilə görüş keçiriblər.

Görüşlərdə partiyalar arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, eləcə də əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, bir neçə il öncə tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması münasibətlərin inkişafında vacib rol oynayır. Həmçinin hər iki ölkənin hakim partiyalarının ICAPP çərçivəsində fəal əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Görüşlərdə Vyetnamın Azərbaycandakı inkişaf proseslərini diqqətlə izlədiyi bildirilib və bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərində YAP-ın Sədrinin parlaq qələbə qazanmasının xalqın bu partiyaya inamının ifadəsi kimi dəyərləndirilib.

Həmçinin YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inam ifadə olunub və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra YAP-ın nümayəndə heyəti Vyetnam Milli Assambleyasının xarici əlaqələr komitəsinin rəhbər şəxsləri ilə görüşüblər.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 12-də isə nümayəndə heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Vyetnamdakı səfirliyini ziyarət ediblər.

Qeyd edək ki, YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.