SİYASƏT
Yeni Azərbaycan Partiyasının regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilmişdir
Bakı, 3 may (AZƏRTAC). Mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri, Milli Məclisin deputatı Arif Rəhimzadə iclası açaraq tədbirdə Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili haqqında məsələnin müzakirə ediləcəyini bildirmişdir.
Sonra hər üç rayonun icra hakimiyyətlərinin başçıları məsələ ətrafında çıxış etmişlər.
Bildirilmişdir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar müsbət dəyişikliklərə imkan yaradır və bir çox problemlərin həllini, əhalinin rifah halının yaxşılaşdırmasını təmin edir. İnsanların sağlamlığının qorunması baxımından ekologiyanın mühafizəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində Balaxanı zibilxanasının ləğv edilməsi, orada müasir zavodun tikilməsi məişət tullantılarının yığılması və emalı sahəsində əsaslı dönüş yaratmışdır.
Qeyd olunmuşdur ki, Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı məsələləri ilə əlaqədar bir sıra işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsində “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunları və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr rəhbər tutulmuşdur. Hazırda təmizliyin təmin edilməsi, məişət tullantılarının yığılması ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri aparılır, iməciliklər təşkil edilir, yaşıllıq sahələri genişləndirilir.
Komissiyanın iclasında müzakirə olunan məsələ ətrafında müzakirələr aparılmışdır.
Müzakirələrin nəticəsində komissiya şəhər və rayonlarda mənzil-kommunal təsərrüfatı məsələlərinin vahid qurumda cəmləşməsi məsələsinin YAP İdarə Heyətində baxılmasını və hökumət qarşısında məsələ qaldırılmasını qərara almışdır.