SİYASƏT


Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov hazırda ölkəmizin möhtəşəm inkişaf dövrünü yaşadığını bildirib. Azərbaycanın dünyanın ən uğurlu gənc dövlətlərindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, ölkəmiz heç vaxt indiki kimi güclü, qüdrətli, sabit, əmin-aman olmayıb. Hazırda Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malik olan ölkədir və dünyada baş verən proseslərdə fəal iştirak edir, mövqeyini ortaya qoyur.

Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda mültikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi bir zamanda mədəniyyətlərarası dialoq, multikulturalizm ideyasının təbliği xüsusi önəm daşıyır. Əli Əhmədov əlavə edib ki, dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri birmənalı şəkildə etiraf edirlər. Bunun aydın ifadələrindən biri də mütəmadi olaraq bu mövzuda nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsidir.

YAP Sədrinin müavini-İcra katibi vurğulayıb ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə Heydər Əliyev Fondu çox ciddi dəstək verir. Fond yarandığı vaxtdan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir və bu sahədə ilk təşəbbüslərin və addımların atılmasında mühüm rol oynayıb.

Əli Əhmədov qeyd edib ki, avqustun 26-da Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın doğum günüdür. Sivilizasiyalarası dialoqun təbliğində Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu diqqətə çatdıran Əli Əhmədov onu YAP-ın çoxsaylı üzvləri adından təbrik edib. “Azərbaycanın qazandığı uğurlarda Mehriban xanım Əliyevanın özünəməxsus rolu və əməyi var. O, Azərbaycanda birinci xanım obrazının yaranmasında və bu missiyasının uğurla həyata keçirilməsində müstəsna xidmətlər göstərib. Eyni zamanda, Birinci vitse-prezident kimi yüksək səviyyədə fəaliyyət göstərir və dövlət siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Yeni Azərbaycan Partiyasının nailiyyətlərində də Mehriban xanım Əliyevanın fəaliyyəti əhəmiyyətli rol oynayır. O, həmçinin Azərbaycanı dünyada layiqincə təmsil edir, ölkəmiz barədə həqiqətləri dünyaya çatdırır. Əminik ki, Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına bundan sonra da böyük töhfələr verəcək”, - deyə Baş Nazirin müavini vurğulayıb.

Tədbirdə Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov və Azərbaycanın Xalq artisti, professor Mənsum İbrahimov çıxış edərək Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb, onun sivilizasiyalararası dialoqa, eləcə də milli-mənəvi dəyərlərimizin qorunmasında və dünyada təbliğ olunmasında verdiyi töhfələrdən danışıblar.

Sonda Yeni Azərbaycan Partiyasının təbrik videoçarxı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.