SİYASƏT


Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Şuşa Rayon İcra Hakimiyyətinin və YAP Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, aparatın məsul əməkdaşları, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP fəalları, gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin İctimai Birliyinin mərkəzi qərargahındakı büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra YAP-ın yaradılmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək Partiyanın 26 il ərzində keçdiyi şərəfli yoldan, rayon təşkilatının fəaliyyətindən, ictimai-siyasi tədbirlərdə iştirakından danışıb. Bildirib ki, 2300 üzvü olan YAP Şuşa rayon təşkilatının Qadınlar Şurası və Gənclər Təşkilatı da fəaliyyət göstərir.

Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyatını Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına hər zaman qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətdən, sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs edib. B.Səfərov Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini, ölkəmizin sosial-iqtisadi qüdrətinin gündən-günə artdığını, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır.

Sonra YAP-ın sıralarına qəbul olunmuş bir qrup gəncə vəsiqələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.