REGİONLAR
Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizdə yeni mərhələnin əsasını qoyub
Yevlax, 19 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müstəqillik tariximizdə yeni mərhələnin əsasını qoyub. YAP 25 il ərzində şərəfli tarixi yol keçərək, müstəqil dövlətimizin möhkəmlənməsində xüsusi rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikir YAP Yevlax şəhər təşkilatı və Yevlax şəhər Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Yeni Azərbaycan Partiyası 25 il uğurla” və “Müstəqilliyimiz əbədidir” adlı ədəbi-bədii tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların və dünyadan köçən partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra YAP-ın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Rafiq Məmmədovun “25 ilik uğur” mövzusunda məruzəsi dinlənilib.
YAP Yevlax Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək, partiyanın respublikanın həyatında oynadığı roldan danışıb. Bildirib ki, tarixi zərurətdən yaranan YAP xalqın arzularının ifadəsidir.
Partiyanın Yevlax şəhər təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev çıxışında bildirib ki, üzvlərinin sayı 700 min nəfəri ötən partiya Azərbaycanda müxtəlif təbəqələrin nümayəndələrini öz ətrafında birləşdirir. Böyük tarixi yol keçən YAP-ın gücü ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ideyadır. Dahi rəhbərin Azərbaycanın gələcəyinə hesablanan ideyaları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Tədbir fəxri mədəniyyət işçisi Eldəniz Mustafayevin ifasında bədii qiraətlə davam etdirilib.