SİYASƏT


Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir

Bakı, 21 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü münasibətilə YAP Binəqədi rayon təşkilatı noyabrın 21-də “Müstəqilliyim, partiyam, əbədiyyətim” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri açan partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, bu gün Azərbaycanın və regionun ən böyük siyasi təşkilatı olan YAP-ın yaradılmasının 24-cü ildönümü respublikamızın bütün guşələrində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Partiya ötən illər ərzində şərəfli tarixi yol keçib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək deyib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin taleyində YAP-ın oynadığı mühüm rolu görür və qiymətləndirir. Yeni Azərbaycan Partiyasının yaranması bilavasitə ulu öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 1990-cı illərin əvvəllərində ölkəmizi üzləşdiyi fəlakətlərdən xilas etməsi, yaşadığımız bu tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsində iştirak edib. Bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirməkdədir. YAP Heydər Əliyev siyasətinin, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən təşkilatdır. Bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib. YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir.

Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir. Azərbaycan tarixində heç zaman bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, onun bundan sonrakı taleyi də kifayət qədər uğurlu olacaq. Yeni Azərbaycan Partiyası 24 ildir iqtidardadır. Həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər də Yeni Azərbaycan Partiyasının iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq. YAP yeganə partiya idi ki, yaranandan altı ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hazırda ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və “Heydər Əliyevə məktub” müsabiqəsinin qalibi Zəhra Əliyeva partiyanın yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, YAP ulu öndər Heydər Əliyevin nurlu zəkasının bəhrəsidir. Heydər Əliyev ideyalarından güc alan partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.

Sonda “Müstəqilliyim, partiyam, əbədiyyətim” layihəsi çərçivəsində keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb. Eləcə də YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.