ELM VƏ TƏHSİL
“Yeni Azərbaycan” qəzeti elektron formada MEK-in rəqəmsal yaddaşına salınacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ölkənin aparıcı media orqanları ilə əməkdaşlığı davam etdirir. Hazırda MEK-də mətbuat orqanlarının nüsxələrinin PDF formatında kitabxananın elektron yaddaşına köçürülməsi və saxlanılması prosesi həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, MEK ilk belə addımı “Yeni Azərbaycan” qəzeti ilə bağlı atıb. Qəzetin 2014-cü ilin yanvarından 2017-ci ilin mayınadək çap olunan 792 sayda PDF variantında işlənilən nüsxəsinin MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi nəzərdə tutulur.
MRY-nin məqsədi qədim mədəniyyətimizin, tariximizin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənardakı bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçıların istifadəsinə verməkdir. Bu baza Azərbaycana aid informasiyanı idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır.
Layihə davam edir və gələcəkdə digər mətbu orqanları ilə də bu istiqamətdə işlərin görülməsi planlaşdırılır.