İQTİSADİYYAT
Yeni Bakı-Quba-Rusiya yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşır
Bakı, 24 fevral, AZƏRTAC
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 kilometr uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 4 hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri artıq başa çatıb. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 faiz, tunellərin tikintisi üzrə isə işlərin 98 faizi yekunlaşdırılıb.
Bundan başqa, 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub. “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 kilometrlik hissəsində yeni istiqamət üzrə 16 kilometr qısa olmaqla, 58 kilometr uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri yekunlaşmaq üzrədir. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 kilometr təşkil edəcək.
Ümumilikdə, sözügedən hissədə 20 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq tranzit yüklərin daha geniş cəlb olunmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.