İQTİSADİYYAT
Yeni Bakı–Rusiya yolunun 14 kilometrlik hissəsində təmir-bərpa işləri davam edir
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometrlik hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir. Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5,5 kilometrli ərazi asfaltlanıb. Ceyranbatandan “VAZ dairəsi” istiqamətində 3 kilometrlik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 kilometr təşkil edir.
Bundan başqa, magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək beton arakəsmələrlə əvəzlənəcək. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan “VAZ dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.
Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Bütün yollar Qarabağa aparır...