CƏMİYYƏT


Yeni Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair tədbirlər planı layihəsi hazırlanır

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 2019–2025-ci illər üçün tədbirlər planının layihəsi hazırlanır. Həmin Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan tədbirlər planı layihəsində strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun fəaliyyət proqramı öz əksini tapacaq.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, eləcə də əmək standartlarının təkmilləşdirilməsi daxildir.

Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də strategiyada əsas istiqamətlər kimi müəyyən olunub.

“Məşğulluq Strategiyası”nın 2019–2025-ci illər üçün tədbirlər planı layihəsinin hazırlanmasının gələn ilin əvvəllərində yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.