CƏMİYYƏT


Yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılıb

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərlə birgə Azərbaycanın yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılıb. Dialoq şəraitində keçirilən müzakirələr zamanı layihənin prioritet istiqamətləri və fəaliyyət planından danışılıb.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) nümayəndələri, Türkiyənin beynəlxalq ekspertləri, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda yeni Milli Meşə Proqramının hazırlanmasının məqsədi meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasına, mövcud beynəlxalq təcrübənin öyrənilməsi ilə meşə sisteminə müasir yanaşma prinsiplərinin təhlilinə yönəlib. 2020-2030-cu illəri əhatə edəcək Proqramın Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rolu olacaq.

Görüşdə dayanıqlı meşə idarəçiliyinin meyar və göstəriciləri üzrə beynəlxalq ekspertlərin rəy və təklifləri dinlənilib, Milli Meşə Proqramının gələcək icrası və onun fəaliyyət planı barədə müzakirələr aparılıb.

FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak da keçirilən tədbirlə bağlı fikirlərini açıqlayıb. O, meşəçilik sektorunun inkişafı üçün tərəfdaşlar və maraqlı tərəflərlə birlikdə gələcəkdə görüləcək işlərin planını və yol xəritəsini müzakirə etməkdən məmnunluğunu ifadə edib. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı və balıqçılıq sahəsində aparılan yenidənqurma işlərində FAO-nun dəstəyinin davamlı olacağını vurğulayıb və bu sahədə dünyanın ən qabaqcıl təcrübələrini bölüşməyə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.