CƏMİYYƏT
“Yeni Nəsil” sahibkarlar üçün təlimlər keçirilir
Bakı, 12 iyun, AZƏRTAC
“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.
Sahibkarlıq Proqramından AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin noyabr ayında start götürən “New Generation” layihəsi 4 iqtisadi regionu (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) əhatə edir. Hazırda ilk 2 mərhələdə iştirak etmiş gənclər “New Generation” layihəsinin III mərhələsi olan “Mentorluq və Biznesin İnkişafı” mərhələsinə keçib. Aprel ayından başlamış olan bu mərhələdə iştirakçılar öncə “face-to-face” görüşlərdə iştirak edib. Daha sonra isə onlar Təhsil Nazirliyinin, SƏBA ASC, “AzGranata” MMC, “P&G”, “INNOLAND” Akselerasiya Mərkəzi, “Yello Advertising”, “Interno”, “Tech Academy”, “The Office”, “Matrix Training Center”, “Cafe Nina Baku” və digər tərəfdaşların dəstəyi ilə bir çox təlimlərə qatılıb. İştirakçılar vergi və hüquq, biznes model, marketinq, satış, təqdimat bacarıqları, rəqəmsal marketinq, komanda quruculuğu, brendinq kimi info-sessiya və təlimlərdə iştirak edərək yeni bilik və təcrübələrə yiyələniblər.
Həmçinin iştirakçılar və digər startapçı gənclər üçün proqramlaşdırma mütəxəssislərinin də iştirak etdiyi “Team Fishing” görüşü təşkil olunub. Keçirilən təlim və görüşlərdə 200-dən çox gənc sahibkar iştirak edib. “Mentorluq və Biznesin İnkişafı” mərhələlərini yekunlaşdırdıqdan sonra artıq startapçı komandalar “New Generation” layihəsinin yekun mərhələsi olan “Pitçinq” mərhələsində münsiflər heyəti qarşısında layihələrini təqdim edərək, 35 min manatadək investisiyadan yararlana biləcək.