CƏMİYYƏT


Yeni Qanun layihəsi işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur

Bakı, 5 avqust, AZƏRTAC

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Hazırda qüvvədə olan Qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir. Yeni qanun layihəsində həmin şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir. Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq parlamentin plenar iclasına tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.