CƏMİYYƏT
Yeni Ramana qəsəbəsindəki Peşə Reabilitasiya Mərkəzində xanımlarla görüş olub
Bakı, 7 mart, AZƏRTAC
Həyat çətinliklərlə doludur. Kiminin həyatında bu çətinliklər bir cür, kiminin həyatında başqa cür olur. Lakin həyat öz məqsədi uğrunda mübarizə aparanları sevir. O kəs ki, çətinlikləri dəf edərək öz arzu və istəyi uğrunda mübarizə aparır, özünü təsdiq və sübut etmək uğrunda çalışır, o son nəticədə istədiyinə nail olur. Siz məhz həmin insanlardansız.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu sözləri 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşəndə deyib. Nazir onlara bayram təbriki və xoş arzularını çatdırıb, xanımlara gül və hədiyyələr təqdim edilib.
Nazir öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətlərindən biri kimi, ölkəmizdə gender bərabərliyi, qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunur. Ölkə əhalisinin 50,1 faizini təşkil edən qadınlar əmək və məşğulluq sahəsində də kişilərlə bərabər iştirak imkanlara malikdirlər. Nazir dövlət başçısının Fərmanı ilə əlillərə verilən müavinətlərin artırılması və onlara göstərilən maddi dəstək haqqında da ətraflı məlumat verib. O, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə indiyədək 1628 gəncin müxtəlif peşə hazırlıq kurslarına cəlb edildiyini, onlardan 541 nəfərini qadınlar təşkil etdiyini deyib,
Qeyd olunub ki, mərkəzdə keçdikləri peşə reabilitasiya dövrü onların həyatlarında müsbət dönüş yaradıb və onlar burada yeni bacarıqlar əldə ediblər. Hazırda mərkəzdə peşə reabilitasiyasında olanların 32 nəfəri xanımlardır.
Görüşdə nazir mərkəzin fəaliyyəti haqqında danışıb və qeyd edib ki, bu ilin axırlarında istifadəyə veriləcək ikinci “DOST” mərkəzində müəssisədə peşə bacarıqlarına yiyələnənlərin əl işlərindən ibarət sərgi açılacaq. Həmçinin nazir sağlamlıq imkanı məhdud gənclərin fəaliyyətindən bəhs edən “Əlillik qüsur deyil” kitab-albomu barədə danışıb və kitabın hər il yenilənəcəyi, mərkəzdə peşə ixtisasına yiyələnən gənclər barədə məlumatların həmin kitaba əlavə ediləcəyini bildirib. Gələn il kitab-albomun elektron variantı da yaradılacaq.
Mərkəzin direktoru Rəhilə Həsrətova, müəssisədə peşə reabilitasiyasında olan Mətanət Quliyeva, Lamiyə Abdullayeva, Gülnar Rəhimova, Aytəkin Həsənova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.
Sonra nazir mərkəzdə peşə hazırlığı işinin təşkili vəziyyətini nəzərdən keçirib.