REGİONLAR
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Uzunluğu 24 kilometr olan Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq 30 kilometr uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə yerləşən Qrız kəndinin avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə tikinti işləri IV texniki dərəcəyə uyğun aparılır. Susay-Xınalıq marşrutu üzrə yeni yol yatağı inşa edilir. Bundan sonra yol profilə salınır və yol əsası inşa olunur. Yol əsası hazır olan hissələrə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, bir düzbucaqlı su keçidinin tikintisi aparılır.
Hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə görülür. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.
Ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşıması xeyli yaxşılaşdıracaq. Yolun tikintisi mövcud turizm potensialını genişləndirərək yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.