İQTİSADİYYAT


Yeni “Tvinninq” layihəsi Azərbaycan ilə Avropa İttifaqı arasında səmərəli əməkdaşlığın nəticəsidir

Bakı, 20 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyinin Çağrı Mərkəzində “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergiödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək” layihəsi çərçivəsində təlim təşkil edilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan tərəfindən layihə rəhbəri, vergilər nazirinin müşaviri Elçin Məmmədov yeni “Tvinninq” layihəsinin icrasına başlanılmasını Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında səmərəli əməkdaşlığın real nəticəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə vergiödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır.

Layihənin məqsədi vergi orqanları tərəfindən vergiödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsi, səmərəliliyin təmin edilməsi, xidmətlərə tələbatın müəyyən olunması, davamlı inkişaf üçün Aİ ölkələrinin qabaqcıl təcrübələrinin tətbiqidir. Layihədə əsas tərəfdaşlar İspaniya və Fransanın vergi mütəxəssisləridir. Ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən edilən layihə 4 əsas komponentdən – vergiödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergiödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və mövcud göstəricilərin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasından ibarətdir.

Qeyd olunub ki, cari ilin mart ayından icrasına start verilən layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Aİ-nin ekspertləri ölkəmizə gələrək Vergilər Nazirliyinin əməkdaşları ilə öz təcrübələrini bölüşüblər.

İspaniyanın iqtisadiyyat və maliyyə xidmətləri üzrə müfəttişi Jesus Miranda bildirib ki, layihəyə uyğun olaraq, cari ilin iyul ayında ekspertlər Vergilər Nazirliyinin əməkdaşlarına 3 metodologiya (EFQM, COSO və SIX SIGMA) barədə məlumat verib və gələcəkdə keçiriləcək daha ətraflı təlim və məşğələlərin formatının müəyyənləşdirilməsi barədə müzakirələr aparıblar.

Hazırkı təlim EFQM metodologiyası üzrə bilik və təcrübənin mənimsənilməsini əhatə edir. EFQM - Avropa Keyfiyyəti İdarəetmə Fondunun əsas məqsədi dövlət orqanları tərəfindən keyfiyyətli xidmətlərin göstərilməsi və idarəetmənin müasir modellərinin tətbiqi, bu sahədə dövlət orqanı əməkdaşlarının özünüqiymətləndirmə səviyyəsinin müəyyən edilməsidir. Beynəlxalq səviyyədə müqayisə olunan bu keyfiyyət standartı çərçivəsində vətəndaşlara və biznes üzvlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün müxtəlif qiymətləndirmə metodları tətbiq olunur. Xidmət alətləri vətəndaşlar üçün aydın, sadə və anlaşıqlı şəkildə tərtib edilir, dövlət-özəl sektor nümayəndələri arasında ünsiyyətin innovativ meyarları mənimsənilir. Strategiyanın əsas məqsədi xidmət sahəsində şəffaflıq, səmərəlilik, etibarlılıq, effektivlik, hesabatlılıq, müasir idarəetmə formasının təmin olunmasıdır.

“Tvinninq” layihəsinin əlaqələndirici müşaviri, fransalı mütəxəssis Paskal Tomas təşkil olunan təlimlərin vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatının keyfiyyətinin yüksəldilməsinə mühüm təsir göstərəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.