İQTİSADİYYAT
Yeni Yasamalda yeni yol bağlantısı yaradılıb VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi - Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni yol bağlantısı tikilərək istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 820 metr olan yeni yol 2 hərəkət zolaqlıdır. Yol yatağının eni 10-12 metr, hərəkət hissəsinin eni isə 7,5-8 metr təşkil edir. Layihəyə uyğun yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyü döşənib.
Bundan başqa, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,8 metr enində yeni piyada səkiləri inşa edilib, kənarlarına 3500 poqonmetr yeni səki daşı düzülüb.
Yeni yolun inşası nəticəsində Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi arasında əlavə olaraq daha bir yeni bağlantı yaradılıb. Belə ki, sürücülərin Yeni Yasamal yaşayış massivinə girişi və çıxışı zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalıb. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradır.