DÜNYA
Yeni Zelandiya APEC sammitini onlayn formatda qəbul edəcək
Tokio, 30 iyun, AZƏRTAC
Yeni Zelandiyanın sədrliyi ilə Asiya Sakit Okean İqtisadi Tərəfdaşlığı (APEC) sammiti 2021-ci ildə onlayn formatda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 30-da Yeni Zelandiyanın Baş Nazirinin müavini Uinston Piters bəyan edib.
Yeni Zelandiya hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir: “COVID-19 beynəlxalq diplomatik protokollara çox ciddi təsir göstərir. Bu, çoxsaylı beynəlxalq tədbirlər kimi, APEC sammitinə də aiddir və həmin tədbir rəqəmsal platformanın dəstəyi ilə təşkil olunacaq. Hazırda koronavirusun yayılması ilə əlaqədar çoxsaylı yüksəkvəzifəli qonaqların Yeni Zelandiyada toplaşması məqsədəuyğun deyil”.
Xatırladaq ki, cari ildə APEC-ə sədrlik Çilidən Malayziyaya keçib. Təşkilatın üzvü olan dövlətlərin liderlərinin növbəti toplantısının noyabrın 11-12-də Malayziyanın Putracaya şəhərində keçirilməsi planlaşdırılır. Həmin sammitdən sonra təşkilata sədrlik Yeni Zelandiyaya keçəcək.
Qeyd edək ki, hazırda APEC-ə 19 ölkə daxildir. Onlardan 12-si – ABŞ, Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Sinqapur, Tailand, Filippin, Cənubi Koreya, Yaponiya və Yeni Zelandiya təşkilatın təsisçiləridir. Çin (1991-ci il), Meksika və Papua-Yeni Qvineya (1993-cu il), Çili (1994-cü il), Rusiya, Vyetnam və Peru (1998-ci il) sonradan bu təşkilata qoşulub. 1991-ci ildə APEC-ə, həmçinin Çinin iki ərazisi – Syanqan (Honkonq) və Tayvan daxil olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio