DÜNYA
Yeni Zelandiya TPP çərçivəsində azad ticarət barədə razılaşmanı ratifikasiya edib
Tokio, 12 may, AZƏRTAC
Yeni Zelandiya Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanı ratifikasiya edib.
NHK telekanalının yaydığı məlumata əsasən, Yeni Zelandiyanın Nazirlər Kabineti həmin razılaşmanın ratifikasiyası barədə daxili prosedurları başa çatdırdıqdan sonra, mayın 11-də bu barədə qərar qəbul edib.
Cari ilin yanvarında ABŞ-ın TPP-dən çıxmasına baxmayaraq, Yeni Zelandiya onun mövcudluğuna təkid edir.
Bu ölkənin ticarət naziri Todd Makkley bəyan edib ki, həmin tərəfdaşlıq öz iqtisadi və strateji əhəmiyyətini saxlayır.
Nazir əlavə edib ki, Yeni Zelandiya TPP-yə alternativ axtarışını fəal şəkildə davam etdirir və ümid edir ki, digər iştirakçı ölkələr də yaxın aylarda bu razılaşmanı ratifikasiya edəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio