DÜNYA
Yeni Zelandiya pandemiya ilə mübarizə üçün beynəlxalq fonda 6,2 milyon dollar vəsait köçürəcək
Bakı, 13 may, AZƏRTAC
Yeni Zelandiya hökuməti pandemiya ilə mübarizəyə dəstək məqsədi ilə ACT-Accelerator beynəlxalq fonduna 6,2 milyon dollar vəsait köçürmək barədə qərar qəbul edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin xarici İşlər naziri Nanaia Mahuta məlumat verib.
Nazirin sözlərinə görə, ayrılan vəsaitin bir hissəsi (1,4 milyon dollar) UNİCEF-in fonduna köçürüləcək. Həmin məbləğ Vyetnama tibbi avadanlıqların alınması və Filippinə səhiyyə sisteminə dəstək üçün nəzərdə tutulub.
Qeyd edək ki, COVID-19 ACT-Accelerator (Access Accelerator) adlı beynəlxalq fond 2020-ci il aprelin 24-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Avropa İttifaqı, Fransa və xeyriyyəçilər Bill və Melinda Geyts cütlüyü tərəfindən təsis edilib. Fondun yaradılmasında məqsəd COVID-19-un qarşısının alınması, diaqnostikası və müalicəsi üçün təhlükəsiz və effektiv texnologiyaların inkişafı, istehsalı və istifadəsini sürətləndirməkdir.
ÜST ACT-Accelerator tərəfdaşlığının sütunlarından biri olan COVAX mexanizminə də böyük əhəmiyyət verir. Proqramın şərtlərinə görə, yüksək gəlirli olan ölkələr peyvəndlərin alınmasında aşağı gəlirli ölkələrə yardım edir.