DÜNYA
Yeni Zelandiya polisi məscidə hücumun videosunu yaymamağı xahiş edib
Bakı, 15 mart, AZƏRTAC
Yeni Zelandiya polisi Christchurch şəhərindəki məscidə hücum etməkdə ittiham irəli sürülən avstraliyalı atıcı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının müvafiq bəyanatı “Twitter” səhifəsində dərc olunub.
“Polisə məlumdur ki, internetdə Christchurch şəhərində baş verən insidentlə bağlı həyəcan doğuran kadrlar dolaşır. Biz bu məlumatları əks etdirən mənbələri paylaşmamağa çağırırıq və onların əlçatan mənbələrdən çıxarılması üzərində işləyirik”, - deyə məlumatda bildirilir.
Jurnalistlər üçün təşkil olunan brifinqdə çıxış edən polis komissarı Mayk Buşun sözlərinə görə, ultra-sağ görüşləri ilə tanınan 28 yaşlı avstraliyalı Brenton Tarrant tərəfindən dərc edilən video və sitatlar “ictimaiyyət üçün əlçatan olmamalıdır” və qurumun əməkdaşları həmin kontenti ləğv etmək üçün bütün səyləri göstərir.
Tarrant hücum ərəfəsində sosial şəbəkələrdə bəzi dünya liderlərini qətlə yetirməyə çağıran 87 səhifəlik manifest yerləşdirib.
Xatırladaq ki, Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə martın 15-də cümə namazı vaxtı silahlı hücum edilib. Son məlumata görə, insident nəticəsində azı 49 nəfər həlak olub, onlarla insan yaralanıb. Həmçinin yaxınlıqda saxlanılan avtomobillərə yerləşdirilən bir neçə əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.
Qətl törətməkdə ittiham edilən şəxs sabah məhkəmə qarşısına çıxarılmalıdır. Daha iki nəfər həbsdə saxlanılır.
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.