DÜNYA
Yeni Zelandiya vətəndaşlarının qohumu olan ukraynalılara ikiillik viza veriləcək
Tokio, 15 mart, AZƏRTAC
Yeni Zelandiya hökuməti Ukrayna mənşəli 1600 vətəndaşının qohumlarına ikiillik xüsusi viza verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də Yeni Zelandiyanın immiqrasiya naziri Kris Faafoy bildirib.
Nazir deyib ki, Yeni Zelandiya hökuməti Ukraynada baş vermiş böhrana görə 2022-ci ildə bəzi Ukrayna vətəndaşları barədə xüsusi miqrasiya siyasəti yürüdəcək. Bu siyasət Yeni Zelandiyada anadan olan və burada daimi yaşayan ukraynalılara həyatı təhlükə altında olan qohumlarını ölkəyə dəvət etmək imkanı yaradacaq.
K.Faafoy qeyd edib ki, qarşıdakı doqquz ayda Yeni Zelandiya vətəndaşı olan ukraynalılar Ukraynada daimi yaşayan qohumları üçün ikiillik viza tərtib edə bilərlər. Vizanın müddəti qurtardıqdan sonra həmin şəxslər öz ölkələrinə dönməlidirlər.
Həmçinin bildirilir ki, bu viza üçün müraciət edən Yeni Zelandiya vətəndaşları ukraynalı qohumlarının ölkəyə gəlmə, burada yaşama, tibbi xidmət və sığorta xərclərini öz üzərilərinə götürməlidirlər.
Qeyd edilir ki, xüsusi viza ilə gələn Ukrayna vətəndaşlarının sayı təqribən 4 min nəfər təşkil edəcək. Bu şəxslərə Yeni Zelandiyada işləmək və təhsil almaq hüququ da veriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio