DÜNYA


Yeni Zelandiyada kütləvi qətllərdən sonra ABŞ məscidlərində təhlükəsizlik tədbirləri gücləndirilib

Vaşinqton, 17 mart, AZƏRTAC 

Yeni Zelandiyada kütləvi qətllərdən sonra ABŞ-ın böyük şəhərlərinin administrasiyaları məscidlərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

AZƏRTAC xəbər verir ki, Nyu-York polisi bu barədə bəyanat dərc edib. Bəyanatda deyilir ki, Nyu-York məscidində səhər namazı zamanı oraya əlavə polis zabitləri göndərilib. Nyu-York polisi əhalini əmin edib ki, bütün ibadətxanalarda təhlükəsizliyin və istənilən dinə etiqad azadlığının təmin edilməsi üçün hər cür tədbir görüləcək. Bəyanatda deyilir: “Biz Yeni Zelandiyada baş verən hadisələri diqqətlə izləyirik, öz şəhərimizdə və ətraf zonada təhlükəsizlik tədbirlərini gücləndiririk”.

Çikaqoda da ictimai obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Çikaqo polisinin “twitter”də yerləşdirdiyi elanda deyilir ki, ehtiyat tədbirləri kimi şəhərin məscidlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin qeyd edilib ki, şəhərdə hələlik polisə məlum olan heç bir təhlükə yoxdur. Çikaqo meri Ram Emmanuel bildirib ki, hər hansı ibadətxanaya hücum “bütün ibadətxanalara hücum” deməkdir.

Amerika-İslam Münasibətləri Şurası məktəblərdə, məscidlərdə və ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Şuranın milli icraçı direktoru Nihad Avad deyib: “Bu faciədən sonra biz Birləşmiş Ştatlarda və bütün dünyada məscidləri, İslam məktəblərini və digər ictimai müəssisələri, xüsusən birgə ibadət zamanı ehtiyat tədbirləri görməyə çağırırıq”. Nihad Avad daha sonra qeyd edib ki, Prezident D.Tramp müsəlmanların müdafiə olunmasına əminlik verməlidir.

Xatırladaq ki, cümə günü Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə səhər namazı zamanı törədilmiş kütləvi hücum nəticəsində 50 nəfər həlak olub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.