DÜNYA
Yeni Zelandiyanın Baş naziri BMT-də islahatlar aparmağa çağırıb
Bakı, 7 iyul, AZƏRTAC
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Ukraynada müharibəni dayandıra bilmədiyi üçün BMT-ni tənqid edərək, təşkilatda islahatlar aparmağa çağırıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Casinda Ardern bununla bağlı mövqeyini Avstraliyanın Sidney şəhərindəki “Lowy” Analitika İnstitutunda çıxışı zamanı səsləndirib.
Hökumət başçısının sözlərinə görə, BMT Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə lazımi cavab verə bilməyib. Təşkilatın mövqeyi mənəvi cəhətdən dözülməz olub və demokratik ölkələr konsolidasiya üçün yeni mexanizmlər axtarmaq məcburiyyətində qalıb.
“Çoxtərəfli institutlar mükəmməl deyil. Onlar uğursuzluğa düçar olub və olacaq. Bu halda onları gücləndirmək yollarını tapmalıyıq. BMT-nin Təhlükəsizlik Şurası Rusiya işğalına lazımi şəkildə cavab verməlidir. Biz hər hansı bir münaqişə baş verdikdə ayrı-ayrı ölkələrin reaksiyasına və sanksiyalarına bel bağlamaq üçün BMT-də islahatlar aparmalıyıq”, - deyə Casinda Ardern bildirib.