DÜNYA


Yeni Zelandiyanın Oklend şəhəri 2021-ci ildə dünyanın həyat üçün ən yararlı şəhəri seçilib

Tokio, 9 iyun, AZƏRTAC

Yeni Zelandiyanın Oklend şəhəri 2021-ci ildə dünyanın həyat üçün ən yararlı yaşayış məskəni adını qazanıb.

AZƏRTAC xəbər verir ki, bu, Böyük Britaniyanın “The Economist” jurnalının nəzdində fəaliyyət göstərən “Economist Intelligence Unit” (EIU) analitik bölməsinin apardığı araşdırma nəticəsində məlum olub. EIU tərəfindən “Global Liveability Index 2021” reytinqi iyunun 9-da təqdim edilib.

Araşdırmalar zamanı Yeni Zelandiyanın ən böyük şəhəri olan Oklend Yaponiyanın Osaka və Avstraliyanın Adelaida şəhərlərini geridə qoyaraq, dünyanın 140 şəhəri arasında ən yüksək reytinq qazanıb.

Qeyd edilib ki, mütəxəssislər dünya şəhərləri arasında həyatın keyfiyyətini bir neçə göstərici əsasında müəyyən ediblər. Buraya sabit inkişaf, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur kimi göstəricilər daxildir.

Araşdırmanın nəticələrinə görə, Oklend 96 bal toplayaraq Osakanı 1,8, Adelaidanı isə 2 bal üstələyib. Sonrakı yerləri 93,7 balla Vellinqton (Yeni Zelandiya) və Tokio (Yaponiya), 93,3 balla Pert (Avstraliya) tutub. Bununla yanaşı, dünyanın 10 ən yaxşı şəhəri siyahısına İsveçrənin Sürix və Cenevrə, Avstraliyanın Melburn və Brisben şəhərləri də daxil edilib. Qeyd edilir ki, Melburn şəhəri bu göstəricilərə görə ikinci yerdən doqquzuncu pilləyə enib.

Reytinq müəlliflərinin qənaətinə görə, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər Asiya-Sakit okean regionu şəhərlərinin Avropa və Kanada meqapolislərini üstələməsinə imkan yaradıb. Oklend şəhərinin birinci yerə yüksəlməsinin əsas səbəbi də məhz hakimiyyət orqanlarının COVID-19-la mübarizədə qazandığı uğurlar olub.

Siyahıda sonuncu yeri Dəməşq (Suriya) şəhəri tutub. Ondan əvvəlki sıralarda Laqos (Nigeriya), Port-Morsbi (Papua-Yeni Qvineya) və Dəkkə (Banqladeş) şəhərləri yer alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.