DÜNYA


Yeni Zelandiyanın Səhiyyə naziri koronavirus karantinini pozub

Bakı, 3 aprel, AZƏRTAC

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirusun yayılması ilə bağlı hakimiyyətin tətbiq etdiyi tövsiyələri pozub və buna görə üzr istəyib.

AZƏRTAC “New Zealand Herald” qəzetinə istinadla xəbər verir ki, yerli KİV-lərdə nazirin evindən 2,3 kilometr məsafədə park edilmiş avtomobilinin fotoları yayımlanıb. Klark dağ velosipedi sürmək üçün parka getdiyini etiraf edib. Nazirin sözlərinə görə, o, öz nümunəsində sağlam həyat tərzini nümayiş etdirməyə çalışırmış.

“Dünən Səhiyyə naziri ilə danışdım və o, üzr istədi”, - deyə Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bildirib.

Bir qədər əvvəl Yeni Zelandiya hakimiyyəti koronavirusun yayılması səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Martın 26-dan başlayaraq ölkə karantin rejimində yaşayır. Hökumətin tövsiyəsinə əsasən, əhali yalnız evlərinə yaxın yerlərdə idmanla məşğul ola bilər.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 1 milyondan çox yoluxma və 53 min 249 ölüm faktı qeydə alınıb.

Yeni Zelandiyada virusa yoluxanların sayı 863, sağalanların sayı 103 nəfərə çatıb, bir nəfər isə həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.