MƏDƏNİYYƏT


“Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir

Bakı, 18 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Yeni adlar”ın budəfəki istedadları gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.

Konsert proqramından əvvəl çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva "Yeni adlar" və "Mədəni gənclik" layihələri haqqında məlumat verib. Bildirib ki, hər iki layihənin məqsədi gənclərimizin mədəniyyətə olan marağını, yüksək mənəvi zənginliyini artırmaqdır: “Respublikamızda və onun hüdudlarından kənarda fəaliyyət göstərən, təhsil alan, uşaq yaşlarından bəri musiqi sənətinin sirlərinə yiyələn gənclər “Yeni adlar” layihəsinə cəlb edilirlər. “Mədəni gənclik” layihəsinin məqsədi isə məhz Azərbaycan mədəniyyətinin, incəsənətinin zənginliyini respublikamızın ali təhsil ocaqlarında oxuyan tələbələrə aşılamaqdır”.

Daha sonra konsert proqramı təqdim edilib. Gənclər F.Mendelsonun 10 nömrəli simli simfoniyası, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”i və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”ini məharətlə ifa etdilər.

Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.