Yeni alınmış avtomobillərlə azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi təmin olunacaq
AzerTAg.az

Bakı, 9 dekabr, AZƏRTAC
Yeni alınan yanğınsöndürmə avtomobilləri işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub. Gətirilən yanğınsöndürmə avtomobilləri vasitəsilə həmin ərazilərin həm yaşayış sahələri, həm sənaye, həm də dağlıq meşə zonalarında yanğınların söndürülməsi işləri aparılacaq. Həmin avtomobillər vasitəsilə işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin dayanıqlılığı təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.
Bildirib ki, gətirilən yanğınsöndürən avtomobillər çoxprofillidir: "Həmin avtomobillərdən həm yanğınların söndürülməsi, həm də xilasetmə işlərinin aparılmasında davamlı olaraq istifadə ediləcək. Gələcəkdə digər yanğınsöndürən avtomobillərinin də alınması nəzərdə tutulub".
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. İşğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var