CƏMİYYƏT


Yeni birdəfəlik ödəmə ilə təminat proqramı müharibə əlillərinə dövlət dəstəyinin növbəti təzahürüdür

Bakı, 3 avqust, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsi Azərbaycanın güclü, qüdrətli orduya malik olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Postmüharibə dövrünə də çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olan ölkəmizin bununla həm də güclü sosial siyasətə malik dövlət olduğunu görürük.

Ümumilikdə sosial dövlət olan Azərbaycanda köklü sosial islahatlar nəticəsində son 4 ildə də minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 51 faiz, median əməkhaqqı 86 faiz, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz, illik əməkhaqqı fondu 2,2 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, son 3 ildə aparılan sosial islahatlar 4 milyon nəfəri əhatə edib və bu islahatlar üçün əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paket həyata keçirilib.

Son 4 ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği 2,3 dəfə, müharibə əlillərinə Prezidentin aylıq təqaüdü orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət orta hesabla 2 dəfədən çox artırılıb. 2021-ci il yanvarın 1-dən Vətən Müharibəsi qəhrəmanlarına Prezidentin təqaüdü, 2022-ci il yanvarın 1-dən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.

Postmüharibə dövründə dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda, qeyd olunan şəxslərin yaxınlarını əhatə edən genişmiqyaslı sosial dəstək paketi icra olunur.

Dəstək istiqamətlərinə sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 100 mindən çox insanı əhatə edib, onlara 193 min xidmət göstərilib.

Bu paket çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə e-sistem üzərindən proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub. 44 günlük Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilərək Prezidentin aylıq təqaüdü təyin edilib.

Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən il 5 dəfə genişlənib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərin 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Şəhid ailələri və müharibə əlillərinə növbəti iki ayda daha 500 mənzil və fərdi ev təqdim ediləcək.

Müharibə əlillərinin minik avtomobili ilə təminatı da davam edir. Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarısında 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə avtomobil verilib.

Reabilitasiya müəssisələri son 4 ildə müasir tələblərə uyğun qurulub, qazilərin reabilitasiyası üçün müasir şərait yaradılıb və bu müəssisələrdə onlara keyfiyyətli xidmətlər göstərilir. Postmüharibə dövründə də 1456 müharibə əlilinə 21 min reabilitasiya vasitəsi verilib, 5 min ailə sosial-psixoloji, 2506 qazimiz reabilitasiya xidmətləri, Vətən müharibəsinin 200 hərbçisi, habelə əvvəlki Qarabağ müharibəsi əlillərindən 130 nəfər, ümumilikdə 330 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.

Sosial dəstək tədbirlərinin bir istiqaməti də şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarının məşğulluğuna dəstək verilməsidir. Postmüharibə dövründə şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçısı olan 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfat və müəssisələri yaradılıb, 5400 şəxs isə münasib işlə təmin olunub.

Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 41 mindən çox şəxsə müxtəlif qurumlara aid 26 istiqamət üzrə “bir pəncərə”dən operativ və şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında xidmətlər göstərilib.

Hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edilib. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Bu proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir və müharibə əlillərinə daha bir qayğını əks etdirir. Proqramın icrası üzrə artıq 11 min şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq bank hesablarına köçürülüb.

Həmin şəxslər 1997-ci il avqustun 2-dək olan dövrdə hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olanlardır. Onlara verilən birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat təşkil edir. Birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarətlə bağlı sənədin elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına və ya həkim-uçuş komissiyasına müraciət etməlidir. Bu sənəd aidiyyəti e-sistemə daxil edildikdən sonra ərizə, şəxsiyyət vəsiqəsi və əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edildiyinə dair TSEK qərarı (müayinə aktından çıxarış) ilə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə, vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Vəfat edən şəxsin adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu şəhadətnamə verildikdə notariat orqanı tərəfindən e-sistemə məlumat daxil ediləcək və vərəsəyə proaktiv qaydada ödəniş təyinatı həyata keçiriləcək. Əgər vəfat edən şəxsin adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda xəsarətlə bağlı sənədin e-sistemə daxil edilməsi üçün vərəsələr vəfat etmiş şəxsin xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına və ya həkim-uçuş komissiyasına müraciət etməlidirlər.

Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, notariat orqanından alınmış vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.

Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə ərizə, birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi, vərəsəlik şəhadətnaməsi, vərəsənin şəxsiyyət vəsiqəsi, vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair TSEK qərarı (müayinə aktından çıxarış) DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim edilməlidir.

Yeni sosial dəstək proqramı olaraq Birinci Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təminatı müharibə əlillərinə dövlətin davamlı sosial dəstəyinin növbəti təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.