REGİONLAR
Yeni buxar turbogenerator qurğusu Etilen-polietilen zavodunun enerji tələbatını tam ödəyəcək
Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda buxar turbogenerator qurğusunun tikintisinin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin effektivliyini və istehsal gücünü artırmaqdır.
AZƏRTAC xəbər verir ki, layihənin icrası üçün SOCAR 2016-cı ildə Almaniyanın UNİPER şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” birgə müəssisəsini yaradıb. Hazırkı Buxar Generator Kompleksinin layihə gücünün 32 Mvt/s-dən (faktiki 13 Mvt/s) 65 Mvt/s gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur.
Layihə başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam təmin olunacaq, istehsal edilən qalan 35 Mvt/s elektrik enerjisinin şəbəkə vasitəsilə SOCAR-ın müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər istehlakçılarına ötürməyə imkan yaranacaqdır.
İşlərin cari ilin üçüncü rübündə yekunlaşması nəzərdə tutulur.