REGİONLAR


Yeni dərs ili Tərtərdə yüksək əhval-ruhiyyə ilə başlayıb

Tərtər, 16 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yeni dərs ili cəbhə bölgəsində yerləşən Tərtər rayonunun ümumtəhsil məktəblərində yüksək əhval-ruhiyyə ilə başlayıb. Bilik Günü münasibətilə Tərtər rayonunun ümumtəhsil məktəblərində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə təntənəli mərasimlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyib, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişmələrini arzu edib.

Bildirilib ki, ölkəmizdə təhsilə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.

Diqqətə çatdırılıb ki, ötən tədris ilində Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadəyə verilib. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli binaların tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə, son on beş il ərzində Tərtər rayonunda 9 məktəb üçün yeni bina tikilib, 8 məktəb binası əsaslı təmir olunub, 5 məktəb üçün modul tipli bina quraşdırılıb.

Qeyd olunub ki, bu il Tərtər rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 236 nəfəri ali, 114 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Tələbə adını qazanan gənclərdən 4 nəfəri 600-dən yuxarı, 29 nəfəri 500-dən yuxarı bal toplayıb.

Məlumat verilib ki, bu il rayonun ümumtəhsil məktəblərinə 977 nəfər birinci sinfə qəbul edilib. 602 nəfər isə XI sinifdə təhsil alacaq.

Bilik Gününə həsr olunmuş tədbirlərdə birincilər Vətənə, anaya, məktəbə, müəllimə həsr olunan şeirlər söyləyiblər. Çıxış edən müəllim və valideynlər şagirdlərin sevincinə qoşulub, onları təbrik edib, təhsildə uğurlar arzulayıblar.

Sonra çalınan zəng uşaqları sinif otaqlarına səsləyib. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.