REGİONLAR
Yeni dərs ili ərəfəsində Oğuzda üç modul tipli məktəb istifadəyə veriləcək
Oğuz, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Yeni dərs ili ərəfəsində Oğuz rayonunun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində hər biri 96 şagird yerlik modul tipli məktəb binaları istifadəyə veriləcək. Hazırda hər üç məktəb binasında son tamamlama işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, son illər ölkənin hər yerində olduğu kimi, Oğuz rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, 2005-ci ildən indiyədək Oğuz rayonunda 3760 şagird yerlik 20 yeni məktəb binası, Yemişənli, Qarabaldır və Xalxalqışlaq kənd məktəbləri üçün modul tipli yeni tədris binaları tikilib istifadəyə verilib. Həmin müddətdə Oğuz şəhərindəki 1, 2 saylı və Çaldaş kənd tam orta məktəblərin binaları əsaslı təmir olunub, 2015-ci ildə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən Padar kənd tam orta məktəbin binasında bərpa-gücləndirmə işləri aparılıb.
Yeni dərs ilində Oğuzun ümumtəhsil məktəblərində 418 sinif komplektində 6224 şagirdin təhsil alması nəzərdə tutulur.