ELM VƏ TƏHSİL
Yeni dərs ilində Bakıda I sinfə 48 minə yaxın şagirdin qəbulu gözlənilir
Bakı, 2 sentyabr, AZƏRTAC
2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın şagirdin qəbul olunacağı gözlənilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bugünkü məlumata əsasən, “mektebeqebul.edu.az” saytı vasitəsilə 45 min 742 valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 42 min 892 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 min 850 nəfəri isə lisey və gimnaziyaları seçib.
Məktəblərdə I sinfə qəbul prosesi sentyabrın 15-də yekunlaşacaq. Uşaqlarının I sinfə qəbulu üçün qeydiyyatdan keçməkdə gecikən valideynlər isə oktyabrın 15-dək BŞTİ-yə ərizə ilə müraciət edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə cari il martın 1-də başlanılıb.